Kəşf et

Tədqiqat 1

Yaradılış: Allah dünyanı yaradır

Yaradılış 1:1-25

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

Dünyanın yaradılması

1:1 Başlanğıcda Allah göyü və yeri yaratdı. 2 Bu zaman yer bomboş və quruluşsuz idi. Dərin suların üzərini qaranlıq bürümüşdü. Allahın Ruhu sular üzərində dolaşırdı.

3 Allah dedi: «Qoy işıq olsun» və işıq oldu. 4 Allah işığın yaxşı olduğunu gördü və onu qaranlıqdan ayırdı. 5 Allah işığa «gündüz», qaranlığa isə «gecə» adını verdi. Axşam oldu, səhər açıldı. Bu, birinci gün idi.

6 Allah dedi: «Qoy yuxarıdakı sularla yerdəki suları bir-birindən ayıran qübbə olsun». 7 Allah bu qübbəni yaratdı və qübbənin altındakı sularla üstündəki suları bir-birindən ayırdı. 8 Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı. Bu, ikinci gün idi.

9 Allah dedi: «Göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu. Quru torpaq göründü. 10 Allah quruya «yer» adını verdi, bir yerə yığılan suları isə «dəniz» adlandırdı.

11 Sonra Allah dedi: «Qoy yer üzü bitkilərlə örtülsün, toxumlar bitirən otlar və toxumları meyvələrinin içində olan hər növ ağaclar yetirsin». Belə də oldu. 12 Yer üzündə hər növ bitki – toxumlar bitirən otlar, meyvə ağacları yetişdi. Allah bunun yaxşı olduğunu gördü. 13 Axşam oldu, səhər açıldı. Bu, üçüncü gün idi.

14 Allah dedi: «Göy üzündə gündüzü gecədən ayırmaq üçün işıq mənbələri olsun; bunlar günləri, fəsillərii və illəri göstərən əlamətlər olsun, 15 yer üzünü işıqlandırmaq üçün göy üzündə parlasın». Belə də oldu. 16 Allah iki böyük işıq mənbəyi yaratdı: gündüzü idarə etmək üçün günəşi, gecəni idarə etmək üçün isə ayı. O, ulduzları da yaratdı. 17 Allah bu işıq saçan cisimləri göy üzünə yerləşdirdi ki, yer üzünü işıqlandırsın, 18 gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah bunun necə yaxşı olduğunu gördü. 19 Axşam oldu, səhər açıldı. Bu, dördüncü gün idi.

20 Allah dedi: «Qoy sular müxtəlif canlı məxluqlarla dolsun, göy üzündə quşlar uçsun». 21 Allah nəhəng dəniz canlılarını, suda yaşayan müxtəlif növ məxluqları və göydə uçan cürbəcür quşları yaratdı. Allah bunun yaxşı olduğunu gördü. 22 Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın». 23 Axşam oldu, səhər açıldı. Bu, beşinci gün idi.

24 Allah dedi: «Qoy yer üzündə hər cür canlılar – vəhşi heyvanlar, ev heyvanları və sürünənlər törəsin». Belə də oldu. 25 Allah müxtəlif növ vəhşi heyvanlar, ev heyvanları və yerdə sürünən hər cür canlı yaratdı. Allah bunun yaxşı olduğunu gördü.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2025 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.