Kəşf et

Tədqiqat 17

Satınalma: İsa beş min nəfəri doydurur

Yəhya 6:1-37

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İsa beş min nəfəri doydurur

6:1 Bundan sonra İsa Qalileya gölünün o biri sahilinə keçdi. Ona Tiberiya gölü də deyilir. 2 Böyük bir kütlə Onun ardınca gedirdi. Çünki bu adamlar xəstələri sağaldarkən göstərdiyi əlamətləri görmüşdülər. 3 İsa dağa çıxdı və şagirdləri ilə birgə orada oturdu. 4 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı.

5 İsa başını qaldırıb ətrafına baxdı. Gördü ki, Onun yanına böyük bir insan kütləsi gəlib. Onda Filipdən soruşdu: «Haradan çörək alıb bu qədər adamı yedirək?» 6 Əlbəttə, bu sözləri onu sınamaq məqsədi ilə söylədi. Əslində isə nə edəcəyini Özü bilirdi. 7 Filip Ona cavab verdi: «İki yüz gümüş pulluq çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin». 8 Şagirdlərindən biri – Şimon Peterin qardaşı Andrey dedi: 9 «Burada bir oğlan var ki, özü ilə beş kiçik arpa çörəyi ilə iki balıq götürüb. Amma bu qədər adam üçün bunlar nədir ki?» 10 İsa dedi: «Camaatı yerə oturdun». O yer otla örtülmüşdü. Camaat oturdu. Təkcə kişilər beş minə yaxın idi. 11 İsa çörəkləri götürüb Allaha şükür etdi. Sonra orada oturanlara payladı. Balıqları da aralarında böldü. Hamıya istədiyi qədər verdi. 12 Adamlar yeyib doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan tikələri toplayın ki, heç nə zay olmasın». 13 Onlar da tikələri topladılar. Beş arpa çörəyini yeyənlərin qabağından qalan tikələrdən on iki zənbil doldurdular. 14 Adamlar İsanın göstərdiyi əlaməti görəndə aralarında dedilər: «Həqiqətən də, dünyaya gəlməli olan peyğəmbər Budur!» 15 İsa bilirdi ki, indi adamlar gəlib Onu aparacaqlar və padşah elan edəcəklər. Odur ki, oranı tərk edib təkbaşına dağa çəkildi.

İsa suyun üstü ilə yeriyir

16 Axşam olanda İsanın şagirdləri gölün sahilinə endilər. 17 Qaranlıq düşmüşdü, amma İsa hələ yanlarına gəlməmişdi. Onlar sahildə olan bir qayığa minib qarşı tərəfdəki Kefernahum şəhərinə doğru yola düşdülər. 18 Güclü külək əsirdi, göl bərk dalğalanırdı. 19 Onlar qayıqla beş kilometrə qədər getmişdilər. Gölün ortasında ikən gördülər ki, İsa gölün üstü ilə yeriyir və artıq qayığa yaxınlaşır. Onda qorxuya düşdülər. 20 İsa onlara dedi: «Mənəm, qorxmayın». 21 Şagirdlər Onu qayığa götürmək istədilər. Amma qayıq bir andaca yan aldıqları sahilə çatdı.

22 Gölün o biri sahilində qalan adamlar ertəsi gün xatırladılar ki, sahildə yalnız bir qayıq olub, İsa da həmin qayığa minməyib, şagirdləri Onsuz gediblər. 23 O arada Tiberiya şəhərindən gələn digər qayıqlar İsanın şükür duası etdikdən sonra adamların yemək yedikləri yerə yaxınlaşdılar. 24 Camaat gördü ki, İsa və şagirdləri orada yoxdurlar. Onda qayıqlara mindilər və İsanı axtarmaq üçün Kefernahuma gəldilər.

Həyat çörəyi

25 Onlar gəlib İsanı gölün o biri sahilində tapdılar və Ondan soruşdular: «Müəllim, bura nə vaxt gəldin?» 26 İsa onlara dedi: «Sizə açıq deyim ki, göstərdiyim əlamətləri anladığınız üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız. 27 Keçib-gedən maddi yemək üçün deyil, əbədi həyat verən ruhani yemək üçün çalışın. Bunu sizə Bəşər Oğlu verəcək. Axı Ata Allah bu vəzifəni Onun öhdəsinə qoyub». 28 Adamlar İsadan soruşdular: «Hansı işləri görək ki, Allah bizdən razı qalsın?» 29 İsa onlara cavab verdi: «Onun göndərdiyi Şəxsə iman edin. Onda Allah sizdən razı qalar».

30 Onlar yenə soruşdular: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə edə bilərsən? 31 Ata-babalarımız səhrada olanda manna yedilər. Bu barədə Müqəddəs Yazılarda deyilir: “Onlara yemək üçün göydən çörək verdi”». 32 İsa onların cavabında dedi: «Əmin olun ki, sizə göydən çörəyi Musa vermədi. Göydən gələn həqiqi çörəyi Səmavi Atam verir. 33 Allahın çörəyi elə bir çörəkdir ki, göydən enərək dünyaya həyat verir». 34 Ona dedilər: «Ağa, Sən bizə həmişə bu çörəyi ver».

35 İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənə üz tutan heç vaxt aclıq çəkməz, Mənə iman edən heç vaxt susamaz. 36 Amma artıq sizə dedim, Mənim kim olduğumu da gördünüz, amma iman etmədiniz. 37 Atanın Mənə verdiyi hər kəs Mənə üz tutacaq. Mənə üz tutan kəsdən Mən heç vaxt üz döndərmərəm.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.