
Müvafiq mətni oxuyun və ya dinləyin
İsa və Samariyalı qadın
4:1-3 Fariseylər eşitdilər ki, İsa Yəhyadan daha çox şagird toplayıb və daha çox adamı vəftiz edib. Əslində isə İsanın Özü yox, şagirdləri vəftiz edirdilər. İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4 Onun yolu Samariya bölgəsindən keçirdi. 5 O, Samariyanın Sixar adlanan şəhərinə gəldi. Bura Yaqubun öz oğlu Yusifə verdiyi torpağın yaxınlığında idi. 6 Yaqubun quyusu da oradadır. Yol İsanı çox yormuşdu, ona görə də dincəlmək üçün quyunun başında oturdu.
7 Bir Samariyalı qadın quyudan su çəkməyə gəldi. İsa ona dedi: «Mənə su ver, içim». 8 O arada şagirdləri yemək almaq üçün şəhərə getmişdilər. 9 Samariyalı qadın İsaya dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Necə olur ki, Sən məndən su istəyirsən?» Məsələ burasındadır ki, Yəhudilər Samariyalılara xor baxırdılar. 10 İsa ona cavab verdi: «Kaş ki biləydin, Allah sənə nələr verə bilər! Onu da biləydin ki, səndən su istəyən Kimdir! Əgər bilsəydin, Məndən istəyərdin, Mən də sənə həyat suyu verərdim». 11 Qadın Ona dedi: «Ağa, quyu dərindir, su çəkmək üçün bir qabın da yoxdur. Həyat suyunu haradan götürəcəksən? 12 Məgər Sən əcdadımız Yaqubdan da üstünsən? Bu quyunu o bizə verdi. Buradan özü də, oğulları da və mal-qarası da su içirdi» 13 İsa onun cavabında dedi: «Bu quyudan su içən hər kəs yenə susayacaq. 14 Amma Mənim verəcəyim sudan içən heç vaxt susamaz. Mənim verəcəyim su tükənməyən bir bulaqdır. Ondan içən əbədi həyata qovuşacaq». 15 Qadın Ona dedi: «Ağa, mənə bu sudan ver. Qoy bir daha susamayım, su çəkmək üçün də bura gəlməyim».
16 İsa qadına dedi: «Get ərini çağır, sonra da bura qayıt». 17 Qadın isə Ona «ərim yoxdur» deyə cavab verdi. İsa ona dedi: «Sən doğru söylədin ki, “ərim yoxdur”. 18 Çünki əvvəllər beş kişi ilə yaşamısan, indi də səninlə yaşayan ərin deyil. Doğru söylədin». 19 Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20 Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, yalnız Yerusəlimdə ibadət etmək olar». 21 İsa qadının cavabında dedi: «Ey qadın, bu sözümə inan: elə bir zaman gəlir ki, Allaha nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22 Siz kimə ibadət etdiyinizi bilmirsiniz, bizsə kimə ibadət etdiyimizi bilirik. Çünki xilas Yəhudilərdən gəlir. 23 Amma elə bir zaman gəlir ki, ürəkdən ibadət edənlər Səmavi Ataya ruhən və həqiqətən ibadət edəcəklər. O zaman artıq gəldi. Səmavi Ata istəyir ki, adamlar Ona bu cür ibadət etsinlər. 24 Allah Ruhdur, Ona ibadət edənlər də ruhən və həqiqətən ibadət etməlidirlər». 25 Qadın İsaya dedi: «Bilirəm ki, “Məsih” deyilən Xilaskar gələcək. O gələndə bizə hər şeyi bildirəcək». 26 İsa ona dedi: «O Mənəm, indi səninlə danışan».
4 :39 O şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. Bu, İsa barədə «etdiyim bütün əməlləri mənə söylədi» deyən qadının sayəsində oldu. 40 Bu adamlar İsanın yanına gəlib xahiş etdilər ki, onlarla qalsın. O da iki gün orada qaldı. 41 Bir çox adamlar da İsanın sözlərini Onun Özündən eşitməklə iman etdilər. 42 Onlar qadına deyirdilər: «Əvvəl sənin dediklərinə görə iman etmişdik. İndi isə özümüz də eşidib bildik ki, doğrudan da, dünyanın Xilaskarı olan Məsih Budur».
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.