
Müvafiq mətni oxuyun və ya dinləyin
Xeyirxah Samariyalı
10:25 Bir Tövrat müəllimi İsanı sınamaq məqsədilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?» 26 İsa ondan soruşdu: «Tövratda nə yazılıb? Orada nə oxuyursan?» 27 Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”». 28 İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan». 29 Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?»
30 İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. 31 Təsadüfən o yoldan bir kahin keçirdi. Bu adamı görən kimi ona heç bir yardım etmədən yolun o biri tərəfinə keçib yoluna davam etdi. 32 Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfinə keçib onu görməyibmiş kimi getdi. 33 O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. 34 Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. 35 Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”. 36 Səncə, bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?» 37 Tövrat müəllimi cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et».
İtmiş oğul məsəli
15:11 İsa bir məsəl də danışdı: «Bir adamın iki oğlu var idi. 12 Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da var-dövlətini oğullarının arasında bölüşdürdü.
13 Bir neçə gün sonra kiçik oğul hər şeyini yığıb uzaq bir ölkəyə yollandı. Orada pozğun bir həyat sürüb var-dövlətini dağıtdı. 14 Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. Bu oğlan da korluq çəkməyə başladı. 15 Onda gedib o ölkənin sakinlərindən birinin yanında qulluğa girdi. Ağası da onu öz otlaqlarına donuz otarmağa göndərdi. 16 Oğlan hətta donuzların yediyi qabıqlarla da qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi.
17 Oğlanın ağlı başına gələndə öz-özünə dedi: “Atamın o qədər işçisinin doyunca yeməyə çörəyi var, mənsə burada acından ölürəm! 18 Qalxıb atamın yanına gedəcəyəm, ona deyəcəyəm: ‹Ata, mən Allaha və sənə qarşı günah etdim. 19 Daha sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz işçilərinin sırasına götür›”. 20 O qalxıb öz atasının yanına getdi.
Oğlu hələ uzaqda ikən ata onu gördü. Oğluna rəhmi gəldi və qaçıb onun boynuna sarılaraq öpdü. 21 Oğul dedi: “Ata! Mən Allaha və sənə qarşı günah etdim. Daha sənin oğlun adlanmağa layiq deyiləm”. 22 Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirib oğlumun əyninə geyindirin. Barmağına üzük taxın və ona çəkmə geyindirin. 23 Bəslənmiş dananı gətirib kəsin. Hamımız yeyib-şənlənək! 24 Axı bu oğlum ölmüşdü, təzədən həyata qayıtdı, itmişdi, indi isə tapıldı”. Beləcə, şənlik etməyə başladılar.
25 Bu vaxt atanın böyük oğlu tarlada idi. Evə qayıdanda çalğı və rəqs səsləri eşitdi. 26 Nökərlərdən birini yanına çağırıb soruşdu: “Nə olub?” 27 Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə bəslənmiş dananı kəsib”. 28 Böyük oğul bərk hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı. 29 Amma o, narazılıqla atasına bildirdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç vaxt da sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlaq da qıymadın ki, dostlarımla şənlik edim. 30 Bu oğlunsa sənin bütün var-dövlətini əxlaqsız qadınlara xərclədi. Amma o qayıdanda sən onun qayıtmasına görə bəslənmiş dananı kəsdin”. 31 Atası onun cavabında dedi: “Oğlum, axı sən həmişə mənimləsən, bütün var-dövlətim də sənindir. 32 Bu gün isə sevinmək və şənlənmək lazımdır. Çünki sənin qardaşın ölmüşdü, təzədən həyata qayıtdı, itmişdi, indi isə tapıldı!”»
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.