
Müvafiq mətni oxuyun və ya dinləyin
Yoxsullara kömək
6:1 Baxın yaxşılıq etmək istəyəndə bunu adamlara göstərmək üçün etməyin. Yoxsa Səmavi Atanız Allahdan mükafat almayacaqsınız. 2 Sədəqə vermək istəyəndə ikiüzlü adamlar kimi davranmayın. Onlar sədəqə verən zaman küçələrdə car çəkirlər ki, hamı eşitsin. Beləcə, adamların rəğbətini qazanmaq istəyirlər. Əmin olun ki, alacaqları mükafat təkcə bu olacaq. 3 Amma siz sədəqə verərkən çalışın ki, bunu heç kim bilməsin. 4 Kiməsə sədəqə verdiyinizi gizli saxlayın. Gizlində ediləni aşkar görən Səmavi Atanız sizə mükafat verəcək.
Dua
5 Dua etdiyiniz zaman ikiüzlülər kimi dua etməyin. Onlar ibadətxanalarda və küçə başında dayanıb dua etməyi sevirlər. İstəyirlər ki, insanlar onları görsünlər. Əmin olun ki, alacaqlari tək mükafat bu olacaq. 6 Amma siz dua edəndə otağınıza girin və qapınızı bağlayın. Gözə görünməyən Səmavi Atanıza dua edin. O zaman gizlində etdiyinizi görən Səmavi Atanız sizi mükafatlandıracaq. 7 Həmçinin dua edərkən bütpərəstlər kimi olmayın. Onlar eyni sözləri elə hey təkrar edirlər. Çünki elə fikirləşirlər ki, çox söz deməklə onların duası eşidiləcək. 8 Siz onlar kimi olmayın. Səmavi Atanız dua etməyinizdən əvvəl bilir ki, sizin nəyə ehtiyacınız var. 9 Siz belə dua edin:
“Səmavi Atamız,
Adın müqəddəs tutulsun,
10 Padşahlığın gəlsin,
Göydə olduğu kimi,
Yerdə də Sənin iradən yerinə yetirilsin.
11 Ruzimizi bizə bu gün ver.
12 Bizə pislik edənləri bağışladığımız kimi,
Bizim də günahlarımızı bağışla.
13 Bizi sınağa çəkmə,
Şər olandan qoru.
[Çünki padşahlıq, qüdrət və izzət
Əbədi olaraq Sənə məxsusdur. Amin”.]
14 Əgər insanların sizə etdikləri pislikləri bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. 15 Yox, əgər bağışlamasanız, onda Səmavi Atanız da sizi bağışlamaz.
Oruc
16 Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaş-qabaqlı olmayın. Onlar bunu oruc tutduqlarını göstərmək üçün edirlər. Əmin olun ki, alacaqları tək mükafat bu olacaq. 17 Sizsə oruc tutanda başınıza yağ çəkin, üzünüzü yuyun. 18 Gözə görünməyən Səmavi Atanızdan başqa heç kim bilməməlidir ki, siz oruc tutmusunuz. Onda gizlində ediləni görən Səmavi Atanız Allah sizi mükafatlandıracaq.
Göylərdə olan ruhani sərvət
19 Özünüzə dünyəvi var-dövlət yığmayın. Çünki güvə və pas onu xarab edər, ya da oğrular qarət edərlər. 20 Özünüzə Allah yanında var-dövlət yığın. Bu cür var-dövləti nə güvə, nə də pas xarab edər, nə də oğrular qarət edər. 21 Bilin ki, var-dövlətiniz haradadırsa, ürəyiniz də orada olacaq. 22 Göz bütün bədənin nurudur. Əgər gözünüz toxdursa, bütün bədəniniz də nurlu olacaq. 23 Əgər gözün hərisdirsə, bütün bədənin də qaranlıq içində olacaq. Əgər fikirləşirsən ki, içindəki işıq qaranlıqdır, onda bu, qaranlığın ən pisidir. 24 Kimsə eyni vaxtda iki ağaya qulluq edə bilməz. Birini sevəcək, digərinə isə nifrət edəcək. Birinə sadiq qalacaq, o birisinə isə məhəl qoymayacaq. Siz də həm Allaha, həm də var-dövlətə qulluq edə bilməzsiniz.
Qayğı çəkməyin
25 “Nə yeyəcəyik?” və “Nə içəcəyik?” və ya “Nə geyinəcəyik?” deyib qayğı çəkməyin. Canınız yeməkdən, bədəniniz geyinməkdən daha vacibdir. 26 Quşlara diqqət edin: əkmirlər, biçmirlər, anbarlara da heç nə yığmırlar. Amma Səmavi Atanız onları doydurur. Siz onlardan daha dəyərlisiniz. 27 Qayğı çəkməklə ömrünüzü heç bir an da uzada bilməzsiniz. 28 Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür. Nə bir iş görürlər, nə iplik əyirirlər. 29 Amma əmin olun ki, var-dövləti dillərə düşən Süleyman padşah da bu çiçəklər qədər gözəl geyinməmişdi. 30 Ey imanı zəif olanlar! Bu gün var olub, sabah oda atılacaq otları Allah bu cür geyindirirsə, sizi də geyindirəcəyinə arxayın olun. 31 Belə isə “Nə yeyəcəyik?” və “Nə içəcəyik?” ya da “Nə geyəcəyik?” deyib qayğı çəkməyin. 32 Bütpərəstlər bu şeyləri özlərinə məqsəd sayarlar. Axı Səmavi Atanız bilir ki, sizin nəyə ehtiyacınız var. 33 Siz isə Allahın Padşahlığını və Onun kimi saleh olmağı özünüzə məqsəd seçin. Onda qalan şeylər də sizə veriləcək. 34 Beləcə, sabahkı günün qayğısını çəkməyin. Sabahkı gün öz qayğısını özü çəkəcək. Hər günün dərdi özünə bəsdir.
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.