
Müvafiq mətni oxuyun və ya dinləyin
İsa ölən Lazarı dirildir
11:1 Bet-Anya kəndində Lazar adlı bir adam yaşayırdı. O xəstələnmişdi. Onun Məryəm və Marta adlı iki bacısı var idi. 2 Bu həmin Məryəm idi ki, Rəbbin ayaqlarına ətirli yağ çəkib saçları ilə də silmişdi. Xəstə olan Lazar onun qardaşı idi. 3 Məryəm və Marta İsaya «ya Rəbb, sevdiyin dostun xəstədir» deyə xəbər göndərdilər. 4 İsa bu xəbəri alanda dedi: «Onun xəstəliyi ölümlə nəticələnməyəcək. Bu iş oldu ki, Allah izzətlənsin və Allahın Səmavi Oğlu şöhrət tapsın». 5 İsa Lazarı, onun bacıları Marta və Məryəmi çox sevirdi. 6 Bununla belə, Lazarın xəstələndiyini eşidəndə hələ yanlarına getmədi. Qaldığı yerdə daha iki gün ləngidi. 7 Sonra isə şagirdlərinə «gəlin Yəhudeyaya qayıdaq» dedi. 8 Şagirdləri Ona dedilər: «Müəllim, Yəhudeya sakinləri bir az öncə Səni daşqalaq etmək istəyirdilər. İndi yenə də oraya qayıdırsan?» 9 İsa cavab verdi: «Günün on iki saatı işıq olur. Kim işıq olan vaxt gəzirsə, büdrəməz. Çünki dünyanın işığında qabağını görür. 10 Amma kim gecə vaxtı gəzsə, büdrəyər. Çünki işıqdan məhrumdur». 11 İsa sözünə davam etdi: «Dostumuz Lazar yuxuya gedib. Gedirəm ki, onu oyadam». 12 Şagirdləri Ona dedilər: «Ya Rəbb, əgər yuxuya gedibsə, demək, sağalacaq». 13 Bununla İsa demək istəyirdi ki, Lazar ölüb. Amma şagirdləri elə bildilər ki, yuxuya getdiyindən danışır. 14 Onda İsa onlara açıqca bildirdi: «Lazar ölüb. 15 O ölən vaxt yanında olmadığıma sevinirəm. Çünki siz bu iş vasitəsilə Mənə iman edəcəksiniz. Odur ki, sizin üçün də sevinirəm. İndi isə gəlin onun yanına gedək». 16 Aralarında «Əkiz» ləqəbli Tomas o biri şagirdlərə dedi: «Gəlin biz də gedək. Öləcəksə, orada İsa ilə birlikdə ölək».
İsa həyat verəndir
17 İsa Bet-Anyaya gəldi. Orada bildi ki, Lazar artıq dörd gündür qəbrə qoyulub. 18 Bet-Anya ilə Yerusəlim arasında təxminən üç kilometr məsafə var idi. 19 Bir çox Yəhudilər Marta və Məryəmin yanına gəlmişdilər ki, qardaşlarının ölümünə görə onlara təsəlli versinlər. 20 Marta İsanın gəldiyini eşidən kimi Onu qarşılamağa çıxdı. Məryəm isə evdə qaldı. 21 Marta İsaya dedi: «Ya Rəbb, əgər burada olsaydın, qardaşım ölməzdi. 22 Amma elə indi də bilirəm ki, Sən Allahdan nə istəsən, Sənə verəcək». 23 İsa ona «qardaşın diriləcək» dedi. 24 Marta cavabında dedi: «Bəli, bilirəm ki, Qiyamət günündə diriləcək». 25 İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən kəs ölsə də, yaşayar, 26 Bu dünyada yaşarkən Mənə iman edən kəs də heç vaxt ölməz. Buna iman edirsənmi?» 27 Marta Ona cavab verdi: «Bəli, ya Rəbb! İman edirəm ki, gözlədiyimiz Allahın Səmavi Oğlu Məsih Sənsən». 28 Marta bunu söylədikdən sonra bacısı Məryəmin yanına getdi. Onu xəlvətə çağırıb dedi: «Müəllim buradadır, səni çağırır». 29 Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. 30 Onda İsa kəndə girməmişdi. Hələ Martanın Onu qarşıladığı yerdə idi. 31 Evdə, Məryəmin yanında olub ona təsəlli verən Yəhudilər onun tez qalxıb bayıra çıxdığını gördülər. Onlar elə bildilər ki, Məryəm ağlamaq üçün qəbrin yanına gedir. Odur ki, onun ardınca getdilər. 32 Məryəm İsanın olduğu yerə gəldi. Onu görəndə ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər burada olsaydın, qardaşım ölməzdi». 33 Məryəm və onunla gələn Yəhudilər ağlayırdılar. Bunu görəndə İsanın əhvalı pozuldu və ürəyi sızıldadı. 34 İsa onlardan «Mərhumu harada qəbrə qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gedək, Sənə göstərək» dedilər. 35 Onda İsa ağladı. 36 Yəhudilər bunu görüb «Gör onu necə də sevirmiş!» dedilər. 37 Aralarındakı bəzisi isə dedi: «Axı bu Adam korun gözlərini açdı. Eləcə nəsə edə bilməzdi ki, Lazar da ölməsin?»
38 İsa böyük kədər içində qəbrin yanına gəldi. Qəbir bir mağaradan ibarət idi. Ağzına böyük bir daş yuvarladılmışdı. 39 İsa «Daşı götürün!» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, öldüyü artıq dörd gündür, yəqin, meyit iylənib». 40 İsa ona dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?» 41 Sonra qəbrin ağzındakı daşı götürdülər. İsa göylərə üz tutub dedi: «Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm. 42 Bilirəm ki, Məni həmişə eşidirsən. Amma bunu burada dayanan xalq üçün söylədim. Qoy onlar inansınlar ki, Məni Sən göndərmisən». 43 Bunları söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. 44 Onda ölmüş Lazar qəbirdən bayıra çıxdı. Onun əl-ayağı kəfən parçaları ilə sarılı idi, üzü də yaylıqla bağlanmışdı. İsa yanındakılara dedi: «Onu açın, sonra da buraxın getsin».
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.