Kəşf et

Tədqiqat 26

Satınalma: İsa xəyanətlə üzləşir və məhkum edilir

Yəhya 18:1-19:16

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İsanın həbs olunması

18:1 İsa bunları söylədikdən sonra şagirdləri ilə birlikdə gedib Qidron vadisinin o biri tayına keçdi. Onlar orada olan bir bağçaya girdilər. 2 Ona xəyanət edən Yəhuda da buranın yerini bilirdi. Çünki İsa şagirdləri ilə tez-tez orada yığışırdılar. 3 Yəhuda bir dəstə Roma əsgəri ilə yanaşı, başçı kahinlərin və fariseylərin göndərdiyi bir neçə nəzarətçiyə yol göstərərək oraya gəldi. Onların əllərində çıraqlar, məşəllər və silahlar var idi. 4 İsa başına gələcək hər şeyi bilirdi. Odur ki, qabağa çıxıb «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. 5 «Nazaretli İsanı» deyə cavab verdilər. İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onların yanında idi. 6 İsa onlara «Mənəm» dediyi anda geri çəkilib yerə yıxıldılar. 7 Onda İsa yenə «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Onlar da «Nazaretli İsanı» deyə cavab verdilər. 8 İsa onlara dedi: «Axı dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər». 9 Belə etdi ki, əvvəlcə dediyi bu söz yerinə yetsin: «Mənə verdiyin kəslərin heç birini həlak olmağa qoymadım». 10 Elə bu vaxt orada olan Şimon Peter əlindəki qılıncla baş kahinin qulunu vurdu və onun sağ qulağını kəsdi. O qulun adı Məlik idi. 11 Amma İsa Peterə dedi: «Qılıncı qınına qoy! Səmavi Atanın Mənə verdiyi tale kasasını içməyimmi?»

İsa Xananın önündə

12 Onda başda zabit olmaqla bir dəstə Roma əsgəri və Yəhudi nəzarətçiləri İsanı tutub əl-qolunu bağladılar. 13 Onu əvvəlcə Xananın yanına apardılar. O vaxt baş kahin vəzifəsini Qayafa tuturdu, Xanan isə onun qayınatası idi. 14 Həmin bu Qayafa Yəhudi başçılarına məsləhət vermişdi ki, «bir nəfərin xalqdan ötrü ölməsi daha yaxşıdır».

Peter İsanı tanıdığını inkar edir

15 Şimon Peter başqa bir şagirdlə birlikdə İsanın ardınca getdilər. Baş kahin həmin şagirdi tanıdığından o şagird İsa ilə birlikdə baş kahinin həyətinə girdi. 16 Peter isə bayırda qapının arxasında qaldı. Onda baş kahinin tanıdığı bu şagird bayıra çıxıb qapıçı qızla danışdı və Peteri içəri gətirdi. 17 Bu arada qapıçı qız Peterdən soruşdu: «Yoxsa sən də bu Adamın şagirdlərindənsən?» O isə «yox» dedi. 18 Hava soyuq idi. Odur ki, qullar və nəzarətçilər orada ocaq qalayıb ətrafında isinirdilər. Peter də onların yanında durub isinirdi.

Baş kahinin yanında sorğu-sual

19 Bu zaman Xanan İsanı şagirdləri və öyrətdikləri barədə sorğu-sual edirdi. 20 İsa ona dedi: «Mən hamıya açıq şəkildə danışmışam. Həmişə bütün Yəhudilərin toplaşdıqları ibadətxanalarda və məbəddə vəz etmişəm. Heç nəyi gizli söyləməmişəm. 21 Məndən niyə soruşursan? Nə danışdığımı eşidən adamlardan soruş. Onlar ki Mənim nədən danışdığımı bilirlər». 22 İsa bunu söyləyincə orada duran nəzarətçilərdən biri «Baş kahinlə necə danışırsan?» deyib Ona bir şillə vurdu. 23 İsa ona cavab verdi: «Əgər nəsə səhv bir söz dedimsə, səhvimi göstər. Əgər doğru danışdımsa, daha Məni niyə vurursan?» 24 Sonra isə Xanan İsanı əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi.

Peter İsanı tanıdığını bir daha inkar edir

25 Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Deyəsən, sən də Onun şagirdlərindənsən?» O isə inkar edib «yox» dedi. 26 Baş kahinin qullarından biri də orada idi. O, Peterin qılıncla vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Məgər səni Onunla birlikdə bağçada görmədimmi?» deyə Peterdən soruşdu. 27 Peter yenə inkar etdi. Həmin anda xoruz banladı.

İsa vali Pilatın önündə

28 Səhər tezdən Yəhudi başçıları İsanı Qayafanın yanından Roma valisinin iqamətgahına apardılar. Amma özləri valinin iqamətgahına girmədilər. Çünki dini qaydaya görə, murdarlanıb Pasxa yeməyini yeyə bilməzdilər. 29 Odur ki, Pilat bayıra, onların yanına çıxıb soruşdu: «Bu Adamı hansı işdə təqsirləndirirsiniz?» 30 Onlar Pilata cavab verdilər: «Əgər bu Adam cinayətkar olmasaydı, Onu sənə təslim etməzdik». 31 Pilat onlara dedi: «Özünüz Onu götürüb öz Qanununuza uyğun mühakimə edin». Yəhudi başçıları Pilata dedilər: «Bizim ixtiyarımız yoxdur ki, kimisə edam edək». 32 Bu ona görə belə oldu ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi söz yerinə yetsin. 33 Pilat yenə öz iqamətgahına girdi və İsanı önünə çağırıb dedi: «Sən Yəhudilərin Padşahısanmı?» 34 İsa onun cavabında dedi: «Bu sənin öz fikrindirmi, yoxsa başqaları sənə Mənim barəmdə danışdılar?» 35 Pilat dedi: «Mən ki Yəhudi deyiləm. Səni Öz millətin və başçı kahinlər mənə təslim etdilər. De görüm, nə etmisən?» 36 İsa cavab verdi: «Mənim Padşahlığım dünyəvi bir padşahlıq deyil. Əgər Padşahlığım dünyəvi bir padşahlıq olsaydı, xidmətçilərim döyüşərdilər ki, Mən Yəhudi başçılarına təslim edilməyim. Amma Mənim Padşahlığım bu dünyaya aid deyil». 37 Pilat ona dedi: «Demək, hər halda Sən Padşahsan». İsa cavab verdi: «Özün söyləyirsən ki, Mən Padşaham. Mən doğulub dünyaya gəldim ki, insanlara həqiqəti bildirim. Həqiqət tərəfdarı olan hər kəs Mənim səsimə qulaq asır». 38 Pilat «Həqiqət nədir?» deyə Ondan soruşdu. Sonra yenə bayıra, Yəhudi başçıların yanına çıxıb dedi: «Mən Onda heç bir təqsir tapmadım. 39 Amma sizin adətinizə uyğun, Pasxa vaxtı mən sizin üçün bir məhkumu cəzasından azad edirəm. İstəyirsinizmi, Yəhudilərin Padşahını sizin üçün azad edim?» 40 Onlar bunun cavabında yenə bağırdılar: «Yox, Onu deyil, Barabbanı azad et!» Halbuki Barabba bir quldur idi.

İsa ölümə məhkum edilir

19:1 Onda Pilat İsanı aparıb qamçılamağı əmr etdi. 2 Əsgərlər tikandan bir tac hörüb Onun başına qoydular. Ona padşah paltarı kimi qırmızı bir paltar geyindirdilər. 3 Sonra bir-bir İsanın qabağına keçib «Yəhudilərin Padşahı sağ olsun!» dedilər və Ona şillə vurdular. 4 Pilat yenə bayıra çıxıb kütləyə dedi: «Bax bu Adamı bayıra, sizin yanınıza gətirirəm. Bilin ki, Mən Onda heç bir təqsir tapmadım». 5 Elə bu vaxt İsa başında tikandan tac, əynində qırmızı paltar bayıra çıxdı. Pilat onlara dedi: «Bax bu da həmin Adam!» 6 Başçı kahinlər və nəzarətçilər Onu görən kimi «Çarmıxa çək, çarmıxa çək!» deyə bağırdılar. Amma Pilat onlara dedi: «Onu özünüz götürüb çarmıxa çəkin. Çünki mən Onda heç bir təqsir tapmadım». 7 Yəhudilər ona cavab verdilər: «Bizim Qanunumuza görə, O ölməlidir. Çünki Özünü Allahın Səmavi Oğlu adlandırır». 8 Pilat bu sözü eşidəndə daha da qorxdu. 9 Yenə vali iqamətgahına girib İsadan soruşdu: «Sən haradan gəlmisən?» Amma İsa onun bu sualına cavab vermədi. 10 Pilat Ona dedi: «Mənə cavab vermək istəmirsən? Bilmirsən ki, Səni azad etməyə də, çarmıxa çəkməyə də ixtiyarım var?» 11 İsa ona cavab verdi: «Əgər Allahın izni olmasaydı, Mənim üzərimdə heç bir ixtiyarın olmazdı. Odur ki, Məni sənə təslim edən adamın günahı daha böyükdür». 12 Bu sözlərdən sonra Pilat Onu azad etməyə çalışdı. Amma Yəhudilər bağırıb dedilər: «Əgər bu Adamı azad etsən, qeysərin düşmənisən. Özünü padşah elan edən kəs qeysərə qarşı çıxmış olur».

13 Pilat bu sözü eşitdikdə İsanı bayıra çıxardıb Daş döşəmə deyilən yerə apardı. Bu yerə Yəhudilərin dilində Qabbata deyilir. Orada hökm kürsüsünə oturdu. 14 Pasxadan əvvəlki hazırlıq günü idi. Saat təxminən on iki idi. Pilat kütləyə dedi: «Bu da sizin Padşahınız!» 15 Amma onlar «Yox et Onu, yox et! Onu çarmıxa çək!» deyə bağırdılar. Pilat onlardan soruşdu: «Padşahınızı çarmıxa çəkimmı?» Başçı kahinlər cavab verdilər: «Bir padşahımız var, o da qeysərdir!» 16 Onda Pilat İsanı çarmıxa çəkilmək üçün əsgərlərə təslim etdi. Əsgərlər İsanı apardılar.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.