Kəşf et

Tədqiqat 27

Satınalma: İsa çarmıxa çəkilir

Luka 23:32-56

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İsa çarmıxa çəkilir

23:32 İsa ilə birlikdə iki cinayətkar da edam edilmək üçün aparılırdı. 33 Kəllə adlanan yerə gələndə orada İsanı və cinayətkarları çarmıxa çəkdilər, birini Onun sağında, o birini də solunda. 34 İsa deyirdi: «Ey Səmavi Ata! Mənə bunu edənləri bağışla, çünki nə etdiklərini bilmirlər». Əsgərlər Onun paltarlarını aralarında bölüşdürmək üçün püşk atdılar.

35 Camaat isə dayanıb tamaşa edirdi. Onlar da, idarəçilər də İsaya istehza edirdilər: «Başqalarını xilas edirdi. Əgər Allahın seçdiyi Məsih Odursa, qoy Özünü də xilas etsin!» 36 Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona qıcqırmış şərab uzadıb 37 dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!» 38 Çarmıxda Onun başının üzərində yazmışdılar: «Bu, Yəhudilərin Padşahıdır».

39 Çarmıxa çəkilmiş cinayətkarlardan biri İsanı təhqir edərək dedi: «Bəs Məsih deyilsən? Özünü də, bizi də xilas etsənə!» 40 O biri cinayətkar isə onu məzəmmət etdi: «Məgər səndə Allah qorxusu yoxdur? Axı sən də həmin cəzanı çəkirsən. 41 Biz bu cəzaya layiqik, çünki etdiklərimizin əvəzini alırıq. Bu Adamsa heç bir pis iş etməyib». 42 Sonra İsaya üz tutub dedi: «Ey İsa, dünyaya Padşah kimi gələndə məni də yadına sal!» 43 İsa ona dedi: «Əmin ol ki, elə bu gün Mənimlə birlikdə cənnətdə olacaqsan».

İsanın ölümü

44 Günorta təxminən saat on iki olanda hava qaralmağa başladı. Saat üçə qədər bütün ölkənin üzərinə qaranlıq çökdü. 45 Günəş işıq saçmadı. Elə bu vaxt məbədin Ən Müqəddəs yeri qarşısındakı pərdə ortadan yırtıldı. 46 İsa uca səslə dedi: «Ey Səmavi Ata! Ruhumu Sənə təslim edirəm». İsa bunu deyib canını tapşırdı.

47 Orada dayanan yüzbaşı bunu görüb «Bu Adam, həqiqətən, saleh idi» dedi və Allaha həmd etdi. 48 Edam səhnəsinə tamaşa etmək üçün toplaşan camaatın hamısı olanları gördükdə sinəsinə döyə-döyə geri qayıtdı.

49 Amma İsanı tanıyan adamların hamısı uzaqda durub olub-keçənlərə baxırdılar. Onun ardınca Qalileyadan gəlmiş qadınlar da onların arasında idilər.

İsanın dəfni

50 Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və mömin bir kişi var idi. 51 O, Yəhudeyanın Arimateya şəhərindən idi. Yusif Ali Şuranın qərarının əleyhinə çıxmışdı. O da Allahın Padşahlığının gəlişini gözləyirdi. 52 O, Pilatın yanına gedib İsanın cəsədinin ona verilməsinə icazə istədi. 53 İcazə alandan sonra cəsədi çarmıxdan endirib kəfənə bükdü. Sonra isə qayada oyulmuş bir qəbrə qoydu. Orada hələ heç kəs dəfn edilməmişdi. 54 Hazırlıq günü bitmək, Şənbə günü başlamaq üzrə idi.

55 İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca getdilər. Qəbrin harada olduğunu və cəsədin oraya necə qoyulduğunu gördülər. 56 Sonra evlərinə qayıdıb cəsəd üçün ətirli maddələr və yağlar hazırladılar. Şənbə günü isə, Allahın əmrinə görə, istirahət etdilər.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.