
Müvafiq mətni oxuyun və ya dinləyin
Pasxa bayramı
12:1 Musa və Harun hələ Misirdə ikən Allah onlara əmr etdi: 2 «Bu ay təqviminizin ilk ayı olacaq, il bu ayla başlayacaq. 3 Bu əmrimi bütün İsrail xalqına çatdırın: bu ayın onuncu günü hər ailə başçısı öz ailəsi üçün sürüdən bir quzu və ya bir oğlaq götürsün. 4 Əgər bütöv bir heyvan ailə üçün çox olarsa, qoy öz qonşularını çağırıb yeməyi onlarla bölüşdürsün. Elə hesablasın ki, quzunun əti hamıya çatsın. 5 Seçdiyiniz quzu və ya oğlaq qüsursüz, erkək və bir yaşında olmalıdır. 6 Seçilmiş heyvanları ayın on dördünə qədər bəsləyin. Həmin gün günortadan sonra bütün İsrail xalqı bu heyvanları qurban kəssin. 7 Qurbanın qanından götürüb onun yeyildiyi evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. 8 Həmin gecə qurban əti odda bişirilsin. Onu mayasız çörək və acı göyərti ilə yesinlər. 9 Əti çiy və ya qaynadılmış halda yeməyin. Başı, ayaqları və içalatı da daxil olmaqla, bütün əti odda qızartsınlar. 10 Səhərə qədər bütün əti yeyib qurtarmalısınız. Yerdə qalan əti yandırın. 11 Bu yeməyi yeyərkən səfərə hazır olmalısınız. Beliniz qurşanmış, səndəlləriniz ayağınızda, çomağınız əlinizdə olmalıdır. Əti tələsik yeməlisiniz; bu yemək mənim sizi Misirdən qurtardığımı yada salacaq.
12 Mən bu gecə Misir ölkəsinin içindən keçəcəyəm. İnsanların ilk oğullarını və heyvanların ilk balalarını öldürəcəyəm. Misirin bütün allahlarını puç edəcəyəm. Mən Rəbbəm. 13 Qapı kənarlarına sürtülən qan evləriniz üçün qorunma nişanəsi olacaq. Qanı görəndə evinizə toxunmadan keçəcəyəm. Misiri cəzalandırmaq üçün üzərinə gətirdiyim bəladan sizə heç bir zərər gəlməyəcək. 14 Siz bu günü daim xatırlamalı və nəsillər boyu Allahın şərəfinə bayram etməlisiniz. Bu, sizin üçün daimi bir qaydadır».
Mayasız çörək bayramı
15 Allah sözünü davam etdirdi: «Pasxa bayramından sonra yeddi gün mayasız çörək yeməlisiniz. İlk gündən evinizdən bütün mayanı kənara atın. Kim bu yeddi gündə mayalı bir şey yeyərsə, xalqımın arasından qovulsun. 16 Birinci və yeddinci gün ibadət üçün bir yerə toplaşın. Bu günlərdə heç bir iş görməyin. Yalnız yemək bişirə bilərsiniz. 17 Sizi Misirdən dəstə-dəstə nizamla həmin gün çıxardım; Mayasız çörək bayramını bunu yada salmaq üçün keçirin. Bu, sizin üçün daimi bir qaydadır. Nəsillər boyu bu bayramı qeyd edin. 18 Birinci ayın on dördüncü gününün axşamından iyirmi birinci günün axşamına qədər mayasız çörək yeyin. 19 Yeddi gün evinizdə maya olmasın. Yerli, ya qərib – mayalı bir şey yeyən hər kəs İsrail xalqının arasından qovulsun. 20 Bayram boyu mayalı bir şey yeməyin. Qaldığınız hər yerdə mayasız çörək yeyin».
İlk Pasxa bayramı
21 Musa İsrailin ağsaqqallarını çağırıb dedi: «Gedin ailələriniz üçün bir quzu və ya oğlaq seçin və onu Pasxa bayramı üçün qurban kəsin. 22 Bir dəstə züfa otu götürüb ləyəndə olan qurbanın qanına batırın. Qanı qapılarınızın yan taxtalarına və üst dirəyinə sürtün. Səhərə qədər heç kim evindən çıxmasın. 23 Allah ilk doğulanları öldürmək üçün Misirin içindən keçəcək. Qapılarınızın yan taxtaları və üst dirəyindəki qanı görəndə evlərinizə toxunmayacaq. Ölüm mələyinin evlərinizə girib sizi öldürməsinə izin verməyəcək. 24 Siz və övladlarınız bu mərasimə daimi bir qayda kimi əməl etməlisiniz. 25 Allahın sizə vəd etdiyi torpağa daxil olanda bu mərasimi icra edərsiniz. 26 Övladlarınız sizdən “Bu ayinin mənası nədir?” deyə soruşduqda 27 onlara deyin: “Bu, Allahın şərəfinə Pasxa bayramı qurbanıdır. Biz İsraillilər Misirdə yaşayarkən Allah Misirliləri öldürdü, lakin evlərimizdən yan keçib bizə toxunmadı”». Bunları eşidən İsraillilər səcdə qılıb Allaha ibadət etdilər. 28 Sonra gedib Allahın Musa və Harunun vasitəsilə əmr etdiklərinin hamısını yerinə yetirdilər.
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.