
Müvafiq mətni oxuyun və ya dinləyin
Günah qurbanı
4:1 Allah Musaya İsraillilərə bu əmrləri çatdırmasını buyurdu: 2 «Kim bilmədən günah etsə və qadağan etdiyim bir iş görsə, qurban kəsməlidir. 3 Əgər günah edən baş kahindirsə, xalqını da günaha sürükləmiş olur. O, günahının kəffarəsi olaraq Mənə qüsursuz bir öküz qurban etməlidir. 4 Qoy baş kahin öküzü İbadət çadırının qarşısına, Mənim hüzuruma gətirsin. Sonra əlini heyvanın başına qoysun və Mənim hüzurumda kəssin. 5 Öküzün qanından bir qab götürüb İbadət çadırına gətirsin. 6 Çadırın ən müqəddəs hissəsini əsas hissədən ayıran pərdənin önündə barmağını qana batırıb Mənim hüzurumda yeddi dəfə səpsin. 7 Sonra bir qədər qan götürüb, yenə Mənim hüzurumda, İbadət çadırındakı buxur masasının dörd küncünə sürtsün. Öküzün qalan qanını çadırın qarşısındakı yandırma qurbangahının altlığına töksün. 8 Günah qurbanı kimi kəsilmiş öküzün piyini bütöv olaraq götürsün. İçalatı örtən piy, 9 böyrəklər, böyrəküstü piy, qaraciyərdən böyrəklərə qədər uzanan pərdə, 10 ünsiyyət qurbanı olaraq gətirilən mal-qaradan götürüldüyü kimi götürülsün və həmin kahin onları yandırma qurbangahında yandırsın. 11 Qoy öküzün qalan hissələrini, yəni dərisini, içalatınıi, başını, ayaqlarını, peyinini 12 insanların qaldığı yerdən uzaqda olan küllüyə aparsın və orada odunla yandırsın.
13 Əgər bütün İsrail xalqı bilmədən günah edərsə, əmrlərimdən birinə itaət etməzsə və qadağan etdiyim bir işi görsə, bu, gözdən qaçsa belə, günahkar hesab ediləcəklər. 14 Xalqın günahı aşkara çıxanda bir öküz təqdim edilməlidir. Günah qurbanı olaraq təqdim edilən öküz İbadət çadırının önünə gətirilməlidir. 15 Ağsaqqallar əllərini öküzün başına qoysunlar və Mənim hüzurumda kəssinlər. 16 Baş kahin qurbanın qanını bir qabda götürb İbadət çadırına gətirsin, 17 barmağını qurbanın qanına batırıb Mənim hüzurumda, pərdənin qarşısında yeddi dəfə səpsin. 18 Sonra yenə hüzurumda, İbadət çadırındakı buhur masasının dörd küncündəki çıxıntılara sürtsün. Öküzün qanının qalan hissəsini çadırın qarşısındakı yandırma qurbangahının dibinə töksün. 19 Öküzün bütün piyini götürüb qurbangahda yandırsın. 20 Günah qurbanı kimi kəsilən ilk öküzə etdiyinin eynisini etsin. Beləliklə, kahin xalqın günahlarına görə kəffarə ödəmiş olacaq, Mən də xalqı bağışlayacağam. 21 Birinci öküzü yandırdığı kimi bunu da xalqın məskunlaşdığı yerdən kənara çıxarıb yandırsın. Bu, xalqın etdiyi günaha görə qurbandır. 22 Əgər başçılardan biri bilmədən günah edib, əmrlərimə itaətsizlik etsə, qadağan etdiyim bir işi görsə, günahkar sayılacaq. 23 Həmin adam günah etdiyini anlasa, qurban olaraq qüsursuz bir keçi gətirməlidir. 24 Əlini keçinin başına qoyub onu Mənim hüzurumda, yandırma qurbanlarının kəsildiyi yerdə kəsməlidir. 25 Kahin barmağını günah qurbanının qanına batırıb onu yandırma qurbangahının dörd küncünə sürtsün. Qanın qalan hissəsini yandırma qurbangahının altlığına töksün. 26 Qurbanın bütün piyini ünsiyyət qurbanının piyi kimi qurbangahda yandırsın. Beləliklə, kahin o başçının günahının kəffarəsini ödəyəcək, Mən də onu bağışlayacağam.
27 Əgər xalqın içərisindən kimsə bilmədən günah etsə, əmrlərimdən birindən çıxıb qadağan etdiyim bir iş görsə, günahkar sayılsın. 28 Həmin adam günah etdiyini anlasa, günahını aradan qaldıracaq qurban olaraq qüsursuz bir dişi keçi gətirsin. 29 Əlini qurbanın başına qoysun və onu yandırma qurbanlarının kəsildiyi yerdə kəssin. 30 Kahin barmağını qurbanın qanına batırsın və onu yandırma qurbangahının dörd küncünə sürtsün. Qanın qalan hissəsini qurbangahın altlığına töksün. 31 Ünsiyyət qurbanında olduğu kimi, keçinin bütün piyi çıxarılmalıdır. Qoy kahin bu piyi qurbangahda yandırsın. Odda bişirilən piyin gözəl qoxusu məni xoşhal edir. Beləliklə, kahin həmin adamın günahının kəffarəsini ödəyəcək və Mən onu bağışlayacağam.
32 Əgər kimsə günah qurbanı kimi qoyun gətirsə, qoy o heyvan dişi və qüsursuz olsun. 33 Həmin adam əlini günah qurbanının başına qoymalı və onu yandırma qurbanlarının kəsildiyi yerdə kəsməlidir. 34 Qoy kahin barmağını qurbanın qanına batırsın və onu yandırma qurbangahının dörd küncünə sürtsün. Qanın qalan hissəsini qurbangahın altlığına töksün. 35 O adam ünsiyyət qurbanında olduğu kimi, qurbanlıq qoyunun bütün piyini çıxarsın. Qoy kahin bütün bunları qurbangahda, Mənə təqdim olunan yandırma qurbanlarının üstündə yandırsın. Beləliklə, kahin həmin adamın günahına görə kəffarə ödəmiş olacaq, Mən də o adamı bağışlayacağam».
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.