Kəşf et

Tədqiqat 3

İnsanın süqutu: Birinci günah və onun cəzası

Yaradılış 3:1-24

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

Adəm və Həvvanın günaha batması

3:1 Rəbb Allahın yaratdığı canlıların arasında ən hiyləgəri ilan idi. O, qadından soruşdu: «Doğrudurmu ki, Allah sizə bağdakı meyvələri yeməyi qadağan edib?» 2 Qadın ilana belə cavab verdi: «Biz bağdakı ağacların meyvələrini yeyə bilərik. 3 Lakin Allah bizə deyib: “Bağın ortasında bitən ağacın meyvələrindən yeməyin, ona heç toxunmayın, yoxsa ölərsiniz”». 4 İlan qadına dedi: «Yox, ölməzsiniz. 5 Əksinə, Allah bilir ki, o ağacın meyvələrindən yesəniz, gözünüz açılacaq, xeyirlə şərin nə olduğunu biləcək, Allah kimi olacaqsınız!» 6 Qadın gördü ki, bu ağac gözəldir, meyvəsi də gözə xoş görünür. Üstəlik də, bu meyvəni yeyib müdriklik qazanmaq fikri onu xüsusilə cəlb etdi. Həmin meyvədən dərib yedi, yanındakı ərinə də bu meyvədən verdi, o da yedi. 7 Qadağan olunmuş meyvəni yeyən kimi ikisinin də gözü açıldı, çılpaq olduqlarını dərk etdilər. Onda əncir yarpaqlarını bir-birinə hörüb öz bellərinə bağladılar.

8 Birdən Adəmlə arvadı günün sərinliyində bağda gəzən Rəbb Allahın səsini eşitdilər. Ondan qaçıb ağacların arxasında gizləndilər. 9 Allah Adəmi çağırdı: «Haradasan?» 10 Adəm cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxub gizləndim». 11 Allah soruşdu: «Çılpaq olduğunu kim sənə dedi? Qadağan etdiyim ağacın meyvəsindənmi yemisən?» 12 Adəm cavab verdi: «Mənimlə yaşamaq üçün verdiyin qadın o meyvəni mənə verdi, mən də yedim». 13 Allah qadından soruşdu: «Niyə belə etdin?» Qadın cavab verdi: «İlan məni aldatdı, mən də yedim».

14 Onda Rəbb Allah ilana dedi:
«Bunu etdiyin üçün
Heyvanlar arasında lənətli olacaqsan.
Bütün ömrün boyu qarnın üstündə sürünəcək,
Torpaq yeyəcəksən.
15 Səninlə qadını,
Onun nəsli ilə sənin nəslini bir-birinizə düşmən edəcəyəm.
Sən qadının nəslindən olanı dabanından çalacaqsan,
Qadının nəslindən olan da sənin başını əzəcək».

16 Sonra Allah qadına dedi:
«Hamiləliyin ağır və əziyyətli keçəcək.
Uşaqlarını sancılarla doğacaqsan.
Ərinə meyilli olacaqsan,
O sənə ağalıq edəcək».

17 Adəmə isə Allah belə dedi:
«Sənə “o ağacın meyvəsini yemə” demişdim.
Lakin sən qadına qulaq asıb onu yedin!
Sənin ucbatından torpaq da lənətlənəcək:
Sənə məhsul verməsi üçün
Ömrün boyu torpağı əziyyətlə əkib-becərəcəksən.
18 Torpaq tikan və qanqal bitirəcək,
Sən də ot-ələf yeyəcəksən.
19 Yemək əldə etmək üçün tər tökəcəksən.
Axırda torpağa qayıdacaqsan.
Çünki torpaqdan yaradılmısan, torpaqsan,
Torpağa da qayıdacaqsan».

20 Adəm arvadının adını Həvva qoydu ki, bu da «həyat» deməkdir. Çünki o bütün insanların anası oldu. 21 Allah heyvan dərisindən paltar düzəltdi və Adəmlə Həvvanı geyindirdi.

22 Sonra Rəbb Allah dedi: «İnsan artıq xeyirlə şəri ayırd etməklə Bizim kimi oldu. Ona həyat ağacının meyvəsindən yeməyə və əbədi yaşamağa icazə verilməməlidir». 23 Beləliklə, Allah insanı Eden bağından qovdu. Belə ki, insan torpaqdan götürülmüşdü, indi də torpağı əkib-becərməyə məhkum oldu. 24 İnsanı qovandan sonra Allah həyat ağacına gedən yolu qorumaq üçün Eden bağının şərqinə qoruyucu mələklər və hər tərəfə fırlanan odlu qılınc qoydu.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.