Kəşf et

Tədqiqat 4

İnsanın süqutu: Nuh daşqını

Yaradılış 6:1-9:17

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İnsanların pozğunlaşması və daşqın

6:1 Yer üzündə insanların sayı çoxaldı. Onların qızları doğuldu. 2 Allah oğulları gördülər ki, insan qızları çox gözəldirlər və bəyəndikləri qızları özlərinə arvad etdilər. 3 Onda Rəbb qərar verdi: «Qoymayacağam ki, Mənim verdiyim həyat ruhu insanlarda əbədi qalsın, axı onlar cismani varlıqdırlar. Bundan sonra onların ömrü 120 il olacaq».

4 Həmin dövrdə Allah oğullarının arvad aldıqları insan qızlarından övladları doğuldu; bu dövrdə və bundan sonra da yer üzündə nəhəng adamlar törəməyə başladılar. Bu adamlar qədim dövrün məşhur qəhrəmanları idilər.

5 Rəbb insanların niyyətinin həmişə pis, əməllərinin isə şər olduğunu gördü. 6 O, yer üzündə insanı yaratdığı üçün peşman oldu, ürəyi kədərlə doldu. 7 Rəbb qərar verdi: «Yaratdığım bütün insan nəslini yer üzündən siləcəyəm. Onlarla birlikdə heyvanları, sürünənləri və quşları da məhv edəcəyəm. Çünki hamısını yaratdığıma peşman olmuşam». 8 Allahın razı olduğu təkcə bir insan var idi, o da Nuh idi.

9 Nuhun tarixçəsi belədir: Nuh o dövrün insanları arasında saleh və qüsursuz olan yeganə insan idi. O, Allaha yaxın bir adam idi. 10 Nuhun üç oğlu var idi: Sam, Ham və Yafəs. 11 O dövrdə yer üzü zorakılıqla dolmuşdu. Şər işlər Allahın nəzərində son həddə çatmışdı. 12 Allah yer üzünün şərlə dolu olduğunu, insanların tamamilə pozğunlaşdığını gördü. İnsanlar tamamilə yollarını azmışdılar.

13 Allah Nuha dedi: «Mən bütün insan nəslini məhv etməyə qərar vermişəm, çünki yer üzü onların şər əməllərinə görə zorakılıqla dolub. Odur ki, mən insanları yer üzündə olan hər şeylə birgə məhv edəcəyəm. 14 Özünə sərv ağacından bir gəmi düzəlt, içini otaqlara ayır. Gəminin üstünə və içərisinə qatran çək ki, içinə su dolmasın. 15 Qoy gəminin uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü otuz qulac olsun. 16 Gəminin üstündən bir qulac aşağı pəncərə düzəldərsən, qapısını isə yan tərəfdən qoyarsan. Gəmidə üç göyərtə olsun: biri altda, biri ortada, biri də üstdə. 17 Bil, Mən yer üzünü daşqın sularına qərq edəcəyəm ki, bütün dünyada hər bir canlı məhv olsun. Beləcə, yer üzündə olanların hamısı öləcək. 18 Amma səninlə əhd bağlayıram. Sən gəmiyə minərsən, oğullarını, arvadını, gəlinlərini də özünlə götürərsən. 19 Hər canlıdan biri erkək, biri dişi olmaqla bir cüt götürərsən ki, yanında sağ qalsın. 20 Hər növdə olan quşların, heyvanların və sürünənlərin bir cütü sənin yanına gələcək ki, sağ qalsın. 21 Özünlə çoxlu azuqə də götür ki, həm ailənə, həm də heyvanlara qida olsun».

22 Allah nə əmr etmişdisə, Nuh ona əməl etdi.

Daşqın

1 Rəbb Nuha dedi: «Bu dövrün insanları arasında razı qaldığım və saleh insan yalnız sənsən. Odur ki, ailəni də götürüb gəmiyə gir. 2 Hər halal heyvanın erkək və dişisindən yeddi cüt götür, hər haram heyvanın erkək və dişisindən isə bir cüt götür. 3 Hər quşun erkək və dişisindən yeddi cüt götür. Qoy yer üzündə onların nəsli kəsilməsin. 4 Yeddi gündən sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündən siləcəyəm». 5 Nuh Rəbbin bütün əmrlərini yerinə yetirdi.

6 Yer üzündə daşqın olanda Nuhun 600 yaşı var idi. 7 Nuh xilas olmaq üçün arvadı, oğulları və gəlinləri ilə birlikdə gəmiyə mindi. 8 Sonra istər halal, istərsə də haram olan hər növ heyvan, hər növ quş, hər növ sürünən 9 Nuhun yanına gəlib gəmiyə mindi. Allahın Nuha əmr etdiyi kimi, hamısı cüt-cüt – erkək və dişi gəlmişdi.

10 Yeddi gün keçdikdən sonra yer üzündə daşqın oldu. 11 Nuhun 600 yaşı olanda, həmin ilin ikinci ayının on yeddinci günündə daşqın başladı. Daşqın vaxtı bütün yeraltı su qaynaqları fışqırdı və göylərin qapıları açıldı. 12 Yer üzünə qırx gün-qırx gecə yağış yağdı.

13 Elə həmin gün Nuh, arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər. 14 Onlarla birlikdə hər növ vəhşi heyvan, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ quş və hər cür qanadlı, uçan canlı gəmiyə girdi. 15-16 Allahın Nuha əmr etdiyi kimi, canlıların hamısı erkək və dişi olaraq cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. Onların dalınca Rəbb gəminin qapısını örtdü.

17 Yer üzündə daşqın qırx gün davam etdi. Suyun səviyyəsi o qədər qalxdı ki, gəmini qurudan qaldırıb öz qoynuna aldı. 18 Su çoxalmağa davam edirdi və gəmi artıq suyun üzündə üzməyə başladı. 19 Get-gedə suyun səviyyəsi o qədər qalxdı ki, uca dağların zirvəsi suya qərq oldu. 20 Suyun səviyyəsi hətta dağların zirvəsindən də on beş qulac yuxarı qalxıb onları örtdü. 21 Yer üzündə yaşayan bütün canlılar – quşlar, ev heyvanları, vəhşi heyvanlar, sürünənlər, bütün insanlar həlak oldular. 22 Quruda yaşayan, həyat nəfəsi olan bütün canlılar öldülər. 23 Beləcə, Rəbb yer üzündə olan bütün canlıları məhv etdi; insanlar, heyvanlar, sürünənlər və quşlar daşqın zamanı həlak oldular. Yalnız Nuh və gəmidə onunla birlikdə olanlar sağ qaldılar. 24 Bütün yer üzü yüz əlli gün su altında qaldı.

Daşqının sonu

1 Lakin Allah Nuhu və onunla birlikdə gəmidə olanları unutmamışdı. Odur ki, yer üzünə külək göndərdi və suyun səviyyəsi aşağı düşməyə başladı. 2 Yeraltı su qaynaqları və göylərin qapıları bağlandı, yağış da dayandı. 3 Su yavaş-yavaş yer üzündən çəkilməyə başladı. Daşqının yüz əllinci günündə su o qədər azaldı ki, 4 gəmi Ağrı dağında quruya oturdu. Bu həmin ilin yeddinci ayının on yeddinci günündə oldu. 5 Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvəsi göründü.

6 Bundan qırx gün sonra Nuh gəminin pəncərəsini açıb 7 bir qarğa buraxdı. Qarğa uçdu və qonmağa quru yer tapmadığından havada o tərəf-bu tərəfə dolaşdı. 8 Suyun yer üzündən tam olaraq çəkilib-çəkilmədiyini öyrənmək üçün Nuh bu dəfə bir göyərçin buraxdı. 9 Lakin göyərçin qonmaq üçün yer tapmadığından gəmiyə qayıtdı, çünki yer üzü hələ də su ilə örtülü idi. Nuh əlini uzadıb göyərçini tutdu və yenə gəmiyə saldı. 10 Yeddi gün sonra göyərçini yenidən buraxdı. 11 Həmin gün axşamtərəfi göyərçin geri döndü. Dimdiyində təzə bir zeytun yarpağı tutmuşdu. Beləcə, Nuh suyun yer üzündən çəkildiyini anladı. 12 O, yeddi gün də gözlədi və yenidən göyərçini buraxdı. Lakin göyərçin daha qayıtmadı.

13 Nuhun altı yüz bir yaşı olan ilin birinci ayının birinci günündə o, gəminin qapısını açdı və suyun çəkildiyi qurunu gördü. 14 İkinci ayın iyirmi yeddinci günündə su qurudan tamamilə çəkildi.

15 Allah Nuha dedi: 16 «Arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx. 17 Gəmidə olan bütün heyvanları, quşları, sürünənləri bayıra çıxart. Qoy törəyib çoxalsınlar və yer üzünə yayılsınlar». 18 Nuh arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı. 19 Onun ardınca bütün heyvanlar, sürünənlər, quşlar dəstə-dəstə gəmidən çıxdılar.

Nuh Allaha şükür edir

20 Nuh Rəbbə bir qurbangah düzəltdi. Sonra halal heyvanlardan və halal quşlardan götürüb orada yandırma qurbanı təqdim etdi. 21 Allah qurbanların ətirli qoxusundan razı qaldı və bu qərarı verdi: «Bundan sonra insanların pis əməllərinə görə yer üzünü lənətləməyəcəyəm. Düzdür, insanın ürəyi lap cavanlığından şərə meyilli olur. Amma indi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.

22 Dünya durduqca
Əkin-biçin, isti-soyuq,
Yay-qış, gecə-gündüz
Həmişə davam edəcək, sona yetməyəcək».

Allahın Nuha vədi

1 Allah Nuha və oğullarına xeyir-dua verdi: «Qoy çoxlu övladınız olsun, sayınız artsın və yer üzünə yayılın. 2 Qurudakı heyvanlar və sürünənlər, göydəki quşlar, dənizlərdəki balıqlar sizdən qorxub çəkinəcəklər. Onların hamısını sizin ixtiyarınıza verdim. 3 Əvvəllər ixtiyarınıza verdiyim bitkilərə yanaşı, bütün bu canlı varlıqlar da sizə qida olsun. 4 Amma qanı axıb süzülməmiş heyvanın ətini yeməyin, çünki qanda heyvanın canı var. 5 İnsan qanı töküb can alan hər kəsdən bunun qisasını hökmən alacağam. İnsan canı alan hər heyvanı da ölümə düçar edəcəyəm.

6 Axı Allah insanı Öz surətinə görə yaradıb,
Odur ki, kim insan qanı töksə,
Onun da qanı insan əli ilə töküləcək.
7 Qoy çoxlu övladınız olsun,
Sayınız artsın və yer üzünə yayılın».

8 Sonra Allah Nuha və onun oğullarına dedi: 9 «Mən sizinlə və sizin gələcək nəsillərinizlə əhd bağlayıram, 10 bu əhd həm də sizinlə birlikdə gəmidən yer üzünə çıxan bütün canlılara – ev heyvanlarına, vəhşi heyvanlara və quşlara aiddir. 11 Sizə əhd edirəm ki, bundan belə bütün canlıları məhv edən və bütün yer üzünü viran qoyan daşqın bir daha olmayacaq». 12 Allah sözünə davam etdi: «Sizinlə və bütün canlılarla bağladığım bu əhd əsrlər boyu nəsildən-nəslə qüvvədə qalacaq. Qoy bu əhdin əlaməti belə olsun: 13 Öz kamanımı, yəni göy qurşağını buludların üzərinə qoyuram ki, yer üzündə yaşayanlarla bağladığım əhdin əlaməti olsun. 14 Mən buludları yer üzərinə toplayanda buludların üzərində göy qurşağı görünəcək. 15 Bu sizinlə və bütün canlılarla bağladığım əhdimi yada salacaq və bütün canlıları məhv edən daşqın bir daha olmayacaq. 16 Çünki buludların üzərində göy qurşağını görəndə yer üzündə yaşayan bütün canlılarla bağladığım əbədi əhdimi yada salacağam». 17 Allah sözünün davamında Nuha dedi: «Göy qurşağı yer üzündə yaşayan bütün canlılarla bağladığım əhdin əlaməti olacaq».

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.