
Müvafiq mətni oxuyun və ya dinləyin
Allahın İbrama çağırışı
12:1 Rəbb İbrama dedi: «Öz ölkəni, qohumlarını, ata evini tərk et, sənə göstərəcəyim torpağa get. 2 Nəslini artıracağam və sənin nəslindən böyük bir millət yaranacaq. Beləcə, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. 3 Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm. Səni lənətləyənləri lənətləyəcəyəm. Yer üzünün bütün millətləri sənin vasitənlə xeyir-dua alacaq».
4 İbram Rəbbin sözünə əməl edib yola düşdü; qardaşı oğlu Lut da İbramla getdi. Xarandan çıxanda İbram 75 yaşında idi. 5 Onunla birgə arvadı Saray, qardaşı oğlu Lut və bütün nökərləri də getdilər. İbram bütün əmlakını da özü ilə götürdü. Onlar Kənan ölkəsinə gəldilər. 6 İbram oranı dolaşıb Şekem şəhərinin yaxınlığındakı More palıdlığına gəldi. O zamanlar bu torpaqlarda Kənanlılar yaşayırdılar. 7 Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslinə verəcəyəm». İbram ona görünən Rəbbə ibadət etmək üçün orada qurbangah düzəltdi. 8 Sonra o, Bet-Elin şərqindəki dağlıq bölgəyə getdi və orada çadır qurdu. Bu yerin qərbində Bet-El, şərqində Ay şəhəri idi. İbram orada da bir qurbangah qurdu və Rəbbə ibadət etdi.
Allahın İbramla əhdi
15:1 Bir müddət sonra Rəbb İbrama görüntüdə bu sözləri dedi: «İbram, qorxma. Mən səni qalxan kimi qoruyuram. Mükafatın böyük olacaq». 2 İbram dedi: «Ya Rəbb Allah, mənə nə verəcəksən? Bir övladım yoxdur ki, varisim olsun. Mal-mülküm evimdə doğulan bu Dəməşqli Eliezerə qalacaq. 3 Mənə övlad vermədiyin üçün varisim evimin nökəri olacaq». 4 Rəbb İbrama dedi «O sənin varisin olmayacaq, öz doğma övladın sənin varisin olacaq». 5 Sonra Rəbb İbramdan çadırdan çıxmasını istədi və İbram bayıra çıxanda dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say. Sənin nəslin də o ulduzlar qədər olacaq». 6 İbram Rəbbin sözünə güvəndi və Ona etibarına görə Rəbb İbramı saleh adam saydı.
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.